DÜNYA
İndoneziyada zəlzələ: hələ də dağıntılar altında qalanlar var
Bakı, 8 dekabr, AZƏRTAC
İndoneziyanın qərb sahillərində - Açex vilayətində dünən səhər baş vermiş 6,5 ballıq dağıdıcı zəlzələdən sonra hələ də dağıntılar altında qalanlar var. Buna görə də axtarış-xilasetmə işləri aramsız davam edir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, son məlumatlara görə, həlak olanların sayı artıq 102 nəfərə çatıb. Azı 750 yaralı xəstəxanalara yerləşdirilib ki, onlardan 136 nəfərinin vəziyyəti çox ağır qiymətləndirilir. Ev-eşiyini itirmiş 3,5 min insan xüsusi təxliyə mərkəzlərinə yerləşdirilib. Təbii fəlakətdən ən çox Açex vilayətinin Pidicaya rayonu zərər çəkib.
İki tektonik plitənin birləşmə nöqtəsində yerləşən İndoneziya dünyada ən aktiv seysmik zonalardan biridir. İndoneziyalılar Sumatra adasının şimal-qərb sahillərində 12 il əvvəl baş vermiş dəhşətli zəlzələni hələ də unutmayıblar. O vaxt yeraltı təkanların yaratdığı sunami nəticəsində Hind okeanının 12 ölkəsində 160 mindən çox insan həlak olmuşdu.