REGİONLAR
İnformasiya təhlükəsizliyi müasir dövrün ən mühüm məsələləri sırasında yer alır
Naxçıvan, 12 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “Elektron imza, asan imza, elektron hökumət portalından istifadə qaydaları və idarə, müəssisə və təşkilatlarda informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib. Seminar Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Orta İxtisas Polis Məktəbinin rəisi-polis polkovniki Kamil Məmmədəliyev çıxış edərək göstərilən dövlət qayğısı nəticəsində kursantların təhsili üçün yaradılan hərtərəfli şəraitdən bəhs edib. Bildirib ki, Polis Məktəbinin pedaqoji heyəti olaraq qarşımızda duran əsas vəzifə dövlətçiliyə sadiq, mükəmməl biliyə, möhkəm iradəyə və qətiyyətə malik, cəsur, insanlarla ünsiyyət qurmağı bacaran polis əməkdaşları yetişdirməkdir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bütün dövlət orqanları ilə yanaşı, daxili işlər orqanlarına da daim yüksək diqqət və qayğı ilə yanaşır, Orta İxtisas Polis Məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İnformasiya-Kommunikasiya şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kənan Məmmədov tədbirin əhəmiyyəti barədə danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Məlumat hesablama və informasiya texnologiyaları şöbəsinin müdiri Etibar Əjdərov çıxış edərək bildirib ki, informasiya təhlükəsizliyi bugünün texnologiya dünyasında hər kəs üçün zəruridir və bu səbəbdən Nümunəvi Təlimatda müəyyən edilmiş qaydalara hər kəsin əməl etməsi vacibdir.
Çıxışlardan sonra slaydlar vasitəsilə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin İnnovativ yeniliklər və internet səhifələrinin hazırlanması şöbəsinin müdiri Mətin Quliyev elektron imza və asan imzadan istifadənin üstünlükləri, elektron hökumət portalından istifadə qaydaları barədə məlumat verib. Mərkəzin Proqram təminatı və informasiya sistemlərinə texniki dəstək şöbəsinin İnformasiya təhlükəsizliyi üzrə mühəndisi Turqut Əsgərov isə dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə danışıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.