ELM VƏ TƏHSİL
İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri müzakirə ediləcək
Bakı, 12 yanvar, AZƏRTAC
Mayın 17-18-də Bakıda “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəsissəsinin təşkilatçılığı ilə reallaşacaq elmi-praktiki konfrans 17 may - İnformasiya Cəmiyyəti Gününə həsr olunub. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, informasiya texnologiyaları mütəxəssisləri və bu sahədə fəaliyyət göstərən digər şəxslərin iştirakı gözlənilir.
Konfrans informasiya təhlükəsizliyi problemləri istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, bu istiqamətdə beynəlxalq aləmdə aparılan elmi-tədqiqatlarla tanışlıq və Azərbaycan alimlərinin diqqətini həmin sahəyə yönəltmək baxımından mühüm əhəmiyyətə malikdir.
Tədbirdə informasiya təhlükəsizliyinin multidistiplinar problemlərinin müzakirəsi, əldə olunan nəticələrin ölkə ictimaiyyətinə çatdırılması nəzərdə tutulur.