ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda “AzEduNet” və “Enginet” şirkətlərinin nümayəndə heyəti ilə görüş
Bakı, 16 yanvar, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzEduNet” və “Enginet” şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet” şəbəkəsinin Data Mərkəz, internet xidmətləri, şəbəkə təhlükəsizliyi və “AzScienceCERT” kimi əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, “AzScienceNet” 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir. AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 19 təhsil müəssisəsi də institutun “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.
Rəşid Ələkbərov təklif olunan 1 Gbit/san internet trafikdən 700 Mbit/san sürətin “AzEduNet” şəbəkəsinə təqdim olunduğunu diqqətə çatdırıb, ümumilikdə təklif olunan 1Gbit/san trafikin 80 faizə qədərinin səmərəli istifadə olunduğunu vurğulayıb.
Direktor müavini “EapConnect” layihəsi çərçivəsində internet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması üçün görülən işlər haqqında da məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilib. İnternet trafikinin 3 Gbit/san-ə çatdırıldığını qeyd edən Rəşid Ələkbərov “AzEduNet” şəbəkəsinə təqdim olunan sürətin artırılması istiqamətində işlər aparıldığını bildirib. O, “AzScienceNet”in Data Mərkəzinin texniki xarakteristikası, ölkənin elmi qurumlarına təqdim etdiyi Wi-Fi, “Cloud Computing”, “Cloud Storage”, “Hostinq”, “Eduroam”, “İP Telefoniya”, LOLA, e-kitabxana, korporativ elektron poçt, distant tədris və s. xidmətlərdən istifadə imkanlarının yaradılması istiqamətində işlərdən bəhs edib. Rəşid Ələkbərov GEANT Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən “EaPConnect” çərçivəsində reallaşdırılan layihələrin Azərbaycanda tətbiqindən danışıb. O, GEANT-ın təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən “EaPConnect” layihəsinin bu ilin payızında ölkəmizdə keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”na (EaPEC 2020) hazırlıq işləri haqqında məlumat verib.
Sonra “AzScienceNet”in “AzEduNet” və “Enginet” şirkətləri ilə uzun müddətdir davam edən əməkdaşlıq perspektivləri müzakirə edilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.