ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilir
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların 2016-cı ilin I yarısı üzrə elmi fəaliyyətlərinin attestasiyasına həsr olunmuş hesabat iclasları keçirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclaslarda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətləri üzrə müxtəlif mövzulara dair hesabatları dinlənilir. Hesabatlarda dissertasiya işlərinin məqsədi və qarşıya qoyulan məsələlər, görülən işlər, dünyanın nüfuzlu elmi jurnallarında nəşr olunan elmi məqalələr və s. haqqında ətraflı məlumat verilir.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev doktorant və dissertantların elmi fəaliyyəti ilə bağlı tövsiyələrini bildirib. O, qeyd edib ki, dissertasiya işinin hazırlanması iddiaçıdan yüksək intellektual səviyyə, zəngin dünyagörüşü, mövzunun mahiyyətini və əhəmiyyətini dərk etməyi, problemin həlli yollarını araşdırmağı, dünya elmində bu istiqamətdə aparılan tədqiqatlar barədə məlumatlı olmağı və s. tələb edir. Hər bir doktorant və dissertant elmi problemi dərindən araşdırmağı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, inkişaf etmiş ölkələrdə mövcud problemin vəziyyətinin monitorinqinin nəticələri ilə tanış olmalı, bu məsələlərlə məşğul olan elmi mərkəzlər haqqında məlumat əldə etməlidir.
R.Əliquliyev doktorant və dissertantların əldə etdikləri elmi nəticələrlə bağlı məqalələrin qəbul olunmuş qaydalar əsasında strukturlaşdırılmasının, xüsusən də məqalələrdə aktuallıq, mövcud problemlər, problemlərin həlli yolları, təklif olunan üsullar, eksperiment və nəticələrin əksini tapmasının vacibliyi bildirib.