ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilmişdir
Bakı, 20 sentyabr (AZƏRTAC). AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir.
Seminarda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Nigar İsmayılova və Hüsseini Nazhad Ghazaninin dissertasiya işlərinə baxılmışdır.
Təqdimatlardan sonra iddiaçılar alim və mütəxəssislərin suallarını cavablandırmışlar. Hər iki mövzuya dair rəylər nəzərə çatdırılmış, irad və təkliflər irəli sürülmüşdür.
Müzakirələrdə iştirak edən alim və mütəxəssislər dissertasiya işlərinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndirmişlər. Hər iki iddiaçının dissertasiya işində əsaslı tədqiqat aparıldığı, qarşıya qoyulmuş məsələlərin tam həllini tapdığı və elmi yeniliklərin əldə edildiyi bildirilmişdir.
Sonda qeyd olunan iradların nəzərə alınması ilə dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olunmuşdur.