ELM VƏ TƏHSİL
İngilis dili müəllimləri üçün Təlim–resurs mərkəzinin açılışı olub
Bakı, 25 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi və Böyük Britaniyanın “British Council” təşkilatı tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ingilis dili müəllimləri üçün Təlim–resurs mərkəzi yaradılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də institutda mərkəzin açılış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.
Nazir müavini təhsil müəssisələrində ingilis dilinin tədris səviyyəsinin yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlərdən və onun əhəmiyyətindən danışıb.
Bildirilib ki, Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlıq istiqamətlərindən biri ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasıdır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
“British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt mərkəzin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Qeyd edilib ki, mərkəzdə müəllimlərə ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq tədris etmək üsulları təqdim olunacaq. Onların şifahi ünsiyyət bacarıqlarının inkişafına yardım edəcək mərkəzdə istifadə üçün ümumilikdə 5 mindən çox resurs toplanıb. Müəllimlər üçün “British Council” təşkilatı tərəfindən dəvət olunmuş peşəkar mütəxəssislərin təlimləri, ingilis dili moderatorla danışıq klubları, dilin gündəlik istifadəsinə istiqamətlənmiş kino saatları, yerli və xarici qonaq ekspertlərlə seminarlar təşkil ediləcək.
İlkin mərhələdə Təlim-resurs mərkəzindən yaxınlıqda yerləşən 11 ümumi təhsil müəssisəsinin ümumilikdə 81 ingilis dili müəllimi istifadə edəcək.
Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə və 23 nömrəli tam orta məktəbdə də ingilis dili mərkəzləri istifadəyə verilib.
Sonra mərkəzin açılışı olub.
Tədbir iştirakçıları lazımi avadanlıqla təchiz edilmiş mərkəzlə yaxından tanış olublar.