İDMAN
İngiltərə Premyer Liqası: “Mançester Siti” son dəqiqələrdə qələbəni əldən verib
Bakı, 18 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Bu gün İngiltərə Premyer Liqasının 23-cü turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşündə “Vatford” doğma azarkeşlər önündə Premyer Liqanın favoritlərindən sayılan “Tottenhem” komandasını qəbul edib.
Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Ən maraqlı qarşılaşma “Etihad” stadionunda oynanılıb. Son çempion “Mançester Siti” öz meydanında “Kristal Palas”ı qəbul edib. Hesabı 39-cu dəqiqədə qonaqlar açıb. “Kristal Palas”ın türkiyəli hücumçusu Cenk Tosun fərqlənib.
Fasilədən sonra hücumları gücləndirən meydan sahibləri matçın sonlarına yaxın - 82-ci dəqiqədə hesaba tarazlıq gətiriblər. Serxio Aquera Qabriel Jesusun ötürməsini qola çevirib. Bundan beş dəqiqə sonra “Mançester Siti” hesabda önə keçib. Serxio Aquera adını ikinci dəfə tabloya yazdırıb. Bu da son qol olmayıb. “Kristal Palas” 90-cı dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Vilfried Zahanın cinah ötürməsindən sonra top “Mançester Siti”nin futbolçusu Fernandinyonun ayağına dəyərək qapıdan keçib. Beləliklə, oyun 2:2 hesab ilə başa çatıb.
“Şəhərlilər”in əzəli rəqibi və turnir cədvəlinin lideri “Liverpul” yanvarın 19-da öz meydanında “Mançester Yunayted” klubunu qəbul edəcək.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Arsenal” - “Şeffild Yunayted” - 1:1;
“Brayton” - “Aston Villa” - 1:1;
“Norviç Siti” - “Bormunt” - 1:0;
“Southemton” - “Volverhemton” - 2:3;
“Vest Ham Yunayted” - “Everton” - 1:1.