ELM VƏ TƏHSİL
“İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA ELMİ PRAKTİKİ KONFRANS
Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İnsan alverinə qarşı mübarizə” mövzusunda elmi praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda ADPU-nun prorektoru, professor Rafiq Baxşəliyev, Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov ölkə Prezidenti İlham Əliyevin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyətini vurğulamışlar.
Müasir dünyada insan alverinin təhlükəli cinayətkarlıq əməli olduğunu qeyd edən natiqlər bu sosial bəlaya qarşı ardıcıl mübarizə aparılmasının vacibliyini söyləmişlər.
İnsan alverinə qarşı mübarizə sığınacağının direktoru Mehriban Zeynalova və digər çıxış edənlər də insan alveri probleminin mahiyyətini açıqlayaraq, onun acınacaqlı nəticələrini diqqətə çatdırmışlar.
Respublikamızda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən natiqlər, eyni zamanda, bu sahədə daha geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini söyləmiş, gənclərə öz tövsiyələrini vermişlər.
Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılmışdır.