CƏMİYYƏT
İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir Neftçalada keçirilib
Bakı, 3 may , AZƏRTAC
Mayın 3-də Neftçala şəhərindəki M.Səfərov adına internat tipli ümumi orta məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.
Tədbirdə Baş İdarənin əməkdaşı, polis kapitanı Xəyyam Nəcəfov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və məktəbin direktoru Aytəkin Mahmudova çıxış edərək insan alverinin ağır nəticələri, bu ümumbəşəri bəla ilə mübarizənin mahiyyəti və formalarından danışıblar. Natiqlər bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu sosial bəlaya qarşı mübarizə metodları barədə ətraflı məlumat verdilər.
Çıxışlardan sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Yekunda tədbir iştirakçılarına insan alverinə dair mübarizə metodlarını əks etdirən bukletlər paylanılıb.