İNSAN ÖMRÜNÜN UZADILMASI UĞRUNDA MÜBARİZƏ
Bakı, 7 yanvar (AZƏRTAC). Məlumdur ki, əhalinin sağlamlığının qorunması ən mühüm vəzifədir. Onsuz nə siyasətçilər, nə də iqtisadçılar ola bilməz. Bu bir həqiqətdir. Buna görə də insan ömrünün fəal dövrünün uzadılması istiqamətində elmi axtarışları hərtərəfli təşviq etmək və dəstəkləmək lazımdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kollektivi məhz bu mühüm işlə, uğurla məşğul olur.
İnstitutun elmi işlər üzrə direktor müavini Rafail Daşdəmirov bildirmişdir ki, institutun elmi əməkdaşları artıq bir neçə ildir ki, tematik plana uyğun olaraq insan sağlamlığı ilə bağlı iki problem üzərində çox ciddi işləyirlər. Bunlardan biri metabolik sindromdur. Bu, hamıya aydın olmayan söz birləşməsinə təəssüf hissi ilə demək lazımdır ki, bu gün bir çoxlarımızın həyatda tez-tez rastlaşdığı piylənmə, orqanizmdə xolesterin mübadiləsinin pozulması, şəkərli diabetə tutulma halları, nəhayət arterial hipertoniya xəstəlikləri daxildir. Həmin xəstəliklərin səbəbi nədir, onların əmələ gəlməsi əlamətləri hansılardır?. Bu məsələlər həkimlərlə birgə fəaliyyət göstərən tədqiqatçıların ciddi diqqət obyektinə çevrilmişdir. Aparılan tədqiqatlar xəstəliklərin klinikasının, müalicənin optimallaşdırılması yollarının və s. öyrənilməsinə imkan verir. Nəticədə həm Bakıda, həm də Gəncədə artıq bir sıra nailiyyətlər əldə edilmişdir.
İnstitutun əməkdaşlarının elmi maraqları sahəsində olan və dünyanın problemi hesab edilən ikinci məsələ də birbaşa kardiologiya - kəskin tac damar sindromu, ürəyin işemiya xəstəliyinin kəskinləşməsi ilə bağlıdır. Bu, necə, niyə və hansı hallarda infarktla və ya stenokardiya ilə nəticələnir, həmin prosesin qarşısının alınması imkanları vardırmı?!
İnstitutun kollektivi tam məsuliyyəti ilə, tapşırılan işin mühümlüyünü dərk etməlkə elmi axtarışları davam etdirir. Axı söhbət insan sağlamlığından gedir!