İNSANABƏNZƏR ROBOT FİKİRLƏRİ OXUYUR
Bakı, 6 aprel (AZƏRTAC). Xarici KİV-lərin məlumatına görə, insanabənzər robotlar fikirləri oxumaq imkanı ilə təmin olunmuşlar. “Honda Motor” şirkəti tərəfindən işlənib hazırlanmış müvafiq texnologiya Asimo robotu üçün nəzərdə tutulmuşdur.
Honda mühəndislərinin hazırladıqları xüsusi şlem beyin fəallığının dəyişməsinin təhlili əsasında insanın nə fikirləşdiyini müəyyən etmək imkanına malikdir. Bundan sonra müvafiq siqnal simsiz rabitə vasitəsilə robota göndərilir.
Yeni texnologiyanın işində çatışmazlıqlar da var. Belə ki, insanın fikri yayınsa, sistem onu başa düşməyə bilər və bu halda robot heç bir siqnal almayacaqdır. Bundan əlavə sistemin işləməsi üçün o, iki-üç saat ərzində hər bir istifadəçi ilə “ünsiyyətdə” olub, ona uyğunlaşmalıdır.
Hazırda “Honda Motor”un texnologiyası Asimo robotu üçün insanın əl hərəkətləri və ya qida haqqında fikirləşdiklərini müəyyən etmək imkanı yaratmışdır. Siqnalın emalı və göstərişin yerinə yetirilməsi üçün robota bir neçə saniyə tələb olunur.
Şirkət insanabənzər robotlar üzərində 1986-cı ildən işləyir. İlk Asimo 2000-ci ildə nümayiş etdirilmişdir. Onun boyu 130 santimetr, çəkisi isə 54 kiloqram idi.
2008-ci ilin yayında Asimo eyni vaxtda bir neçə insanın söylədikləri nitqi başa düşmək imkanı ilə təmin olunmuşdur. Ötən ilin may ayında isə Asimo simfonik orkestrin dirijoru kimi çıxış etmişdir.