DÜNYA
İnsanı alkoqolizmdən xilas edən birləşmə tapılmışdır
Bakı, 11 yanvar (AZƏRTAC). Alimlər qəbul edilən spirtli içkinin həcmindən asılı olmayaraq, ayıq qalmağa, adətən bərk sərxoşluqdan sonra yaranan süstləşməni neytrallaşdırmağa və alkoqol asılılığından xilasa imkan verən birləşmə tapıblar.
AZƏRTAC “New Scientist” jurnalına istinadən xəbər verir ki, tədqiqatçılar diqqəti Çində bitən konfet ağacının (Hovenia dulcis) cövhərinin tərkibinə cəmləşdirmişlər. Heyvanlar üzərində aparılan tədqiqat zamanı məlum olmuşdur ki, həmin birləşmə qanda alkoqolun qatılığına baxmayaraq, beyni zəhərlənmədən qoruyur. Kaliforniya Universitetinin farmakoloqu Lyan Sizin bildirmişdir ki, yaxın vaxtlarda həmin birləşmə insanlar üzərində sınaqdan keçiriləcəkdir.
Dihydromyricetin (DHM) adlanan birləşmənin sirri ondan ibarətdir ki, o alkoqolun beyin reseptorlarına çatmasına mane olur və nəticədə qanda alkoqol lazımi effekti vermir.