DÜNYA
İnsanı gözəgörünməz edən plaş hazırlanmışdır
Bakı, 14 dekabr (AZƏRTAC). ABŞ Müdafiə Nazirliyinin xüsusi sifarişi ilə aparılmış tədqiqat və araşdırma işləri nəticəsində əsgərləri tam gözəgörünməz edən xüsusi kamuflyaj parça hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, bu parçanı üstünə salan əsgər gözəgörünməz olur.
Kvant “Stealth” kamuflyaj texnologiyası parçanın üzərinə düşən işıq dalğalarını difraksiya edərək qaytarır və nəticədə parça ətrafdakı şəraitin tam təkrarına çevrilir.
“Need to Know” adlı tədqiqat işləri nəticəsində hazırlanmış “Stealth Quantum” parçası ondan istifadə edən şəxsi ətrafdan əsla fərqləndirmir və nəticədə həmin adam gözəgörünməz olur.
Kanadadakı “Hyperstealth Biotechnology Corp” şirkəti bu texnologiyanın müəllifidir. Fəqət, şirkətin baş direktoru Qay Kramer texnologiya barədə təfərrüatlı məlumat verməkdən imtina etmişdir. O, bildirmişdir ki, yalnız onu deyə bilərəm ki, material işıq dalğalarının parçanın ətrafında əyilməsi və əks olunması prinsipinə əsaslanır. Bunun nəticəsində də parçanı üstünə salan adam ətrafdan əsla fərqlənmir.