ELM VƏ TƏHSİL
İnsansız hava vasitələri sayəsində əkin sahələrində məhsuldarlığı artırmaq mümkündür
Dünyada əkin sahələri azalmaqdadır, istehsala isə ehtiyac artır. Belə bir şəraitdə kameralarla təchiz edilmiş insansız hava vasitələri (robot) sayəsində daha az itki, daha çox səmərə əldə edilir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, dünyada hər il adambaşına düşən işlənən torpaq sahəsi azalır. Lakin buna paralel olaraq istehsal ehtiyacı da sürətlə artır. Ona görə də vahid sahədən əldə ediləcək səmərənin artırılması çox əhəmiyyətlidir. Bu səbəbdən həssas əkinçilik deyilən yeni bir istehsal üsulu mühüm əhəmiyyət kəsb edir. Bu gün əkinçilikdə müvəffəqiyyət qazanmaq və məhsuldarlığı artırmaq üçün üç açar ünsür var: məlumat, texnologiya və idarəetmə. Bu ünsürlər gübrə, suvarma və kimyəvi dərmanlardan mümkün qədər az istifadə edilməsinə əsaslanır. Bu sistemi tətbiq etmək üçün isə məhsuldarlığın inkişafına ciddi nəzarət edilməsinə ehtiyac yaranır. Bu işdə insansız hava vasitələrindən istifadə etmək səmərəliliyi artıran, əkin sahəsini periodik olaraq göstərmə imkanına sahib olan bu vasitələr kameralar vasitəsilə uzaqdan və yaxından sahəni araşdırır, yüksək keyfiyyətli fotoşəkillər əldə edirlər. Əkin sahələrinin insansız hava vasitələri ilə nəzarət altına alınması əkinçilərə çox böyük üstünlüklər verir.
Dünyada əkinçilik üçün insansız hava vasitələri istehsal edən yüzlərlə istehsalçı var. Yaxın gələcəkdə bu vasitələr daha da təkmilləşdiriləcəkdir.
Əvvəlcə hərbi müdafiə texnologiyasında tətbiq olunan insansız hava vasitələrindən hazırda əkinçilikdə istifadə edilir.