ELM VƏ TƏHSİL
İntellektual qarşılaşmanın növbəti qalibi məlum olub
Bakı, 5 iyun, AZƏRTAC
Paytaxt məktəblilərindən ibarət daha dörd komanda “Hazırcavablar” intellektual oyununda iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 123, 159, 215 və 239 nömrəli tam orta məktəblərin şagirdləri “Dil və ədəbiyyat”, “Coğrafiya”, “Səfəvilər dövləti”, “Azərbaycan kinosu”, “İlk dəfə” bölmələri üzrə sualları cavablandırıblar.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, intellektual oyunun nəticələrinə əsasən, 239 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.
Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla AzTV-də yayımlanır.