İDMAN
“İnter” komandası “Bakı”nın qapısından yeddi cavabsız top keçirib
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da təşkil olunmuş oyunda “İnter” rəqib qapısından yeddi cavabsız top keçirib.
Oyunda “İnter”in heyətində Franko Nildo, Başana Sxadadze dubl edib, Arif Daşdəmirov, Coşqun Diniyev və Nizami Hacıyev hərəyə bir dəfə fərqləniblər.
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib ki, oyun bizim üçün yaxşı keçdi. Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey yenidən qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir.
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib: “İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədir. Hər qoldan sonra oyundan bir az da soyuduq. Mən bu gün futbolçularımı tanıya bilmədim. Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq”.