REGİONLAR
İnteraktiv dərsdə şagirdlərə Günəş sistemi barədə məlumat verilib
Naxçıvan, 26 yanvar, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının 200 ümumtəhsil məktəbi arasında təşkil olunan interaktiv açıq dərsdə Günəş sisteminin iri cisimlərindən bəhs edilib.
AZƏRTAC xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Günəş sisteminin iri cisimləri: planetlər” mövzusunda apardığı dərsdə Günəşin radiusu, kütləsi, sıxlığı, kimyəvi tərkibi, temperaturu və cazibə sahəsindən danışılıb. Qulu Həziyev bildirib ki, planetlər və onların peykləri, asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər. Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun haqqında şagirdlərə məlumat verən Qulu Həziyev qeyd edib ki, bizim planetimiz, yəni Yer kürəsi Günəş ətrafında dövr edən səkkiz planetdən biridir.
Məlumat verilib ki, Merkuri və Veneradan başqa bütün planetlərin təbii peykləri var. Peyklər də planetlərin ətrafında dövr edirlər. Ən çox peykə malik olan planet Yupiterdir. Onun 16 böyük təbii peyki var.
Dərsdə Merkuri, Venera, Yer və Mars planetlərinin fiziki və kimyəvi xüsusiyyətlərinin oxşarlığı diqqətə çatdırılıb və qeyd edilib ki, buna görə də onlar eyni bir qrupa daxil edilərək Yer qrupu planetləri kimi adlandırılıb. Bu qrupa daxil olan planetlər öz oxları ətrafında nisbətən asta sürətlə fırlanırlar və onların təbii peyklərinin sayı da az olur. Yupiter, Saturn, Uran və Neptun isə nəhəng planetlər qrupuna daxildir. Nəhəng planetlərin hamısı ancaq qaz halında olan maddələrdən ibarətdir və bu planetlərin fırlanma sürəti yüksək olmaqla bərabər, onların təbii peyklərinin sayı da çoxdur.
Açıq dərsdə vurğulanıb ki, Günəş sistemi barədə müəyyən biliklərə malik olmağımıza baxmayaraq, hələ də öyrənilməyən sahələr var.