ELM VƏ TƏHSİL
İnternat məktəbin müəllim və şagirdləri Bilgəhdə pansionatın sakinləri ilə görüşüblər
Bakı, 19 iyun, İbrahim Əsədov, AZƏRTAC
İyunun 19-da Təhsil Nazirliyinin 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin müəllim və şagirdlərinin Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin nümayəndəsi Məlahət Hacıyeva bu ilin mayında “Jumeyrah Bilgah Beach” otelində internat məktəbin “Bizim böyük ailəmiz” adlı xeyriyyə-satış sərgisinin keçirildiyini bildirib. Ayrı-ayrı qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, sahibkarların iştirak etdikləri sərgidə internat məktəbin şagirdlərinin hazırladıqları əl işlərinin satışından 5 min manat məbləğində vəsait toplanıb.
Sonra həmin vəsait pansionatın sakinlərinə təqdim olunub. Bu vəsait pansionat sakinlərinin yay istirahətinin təşkilinə xərclənəcək.
Pansionatın sakinləri tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.