DÜNYA
İnternet vasitəsilə alınanları satmaq da mümkün olacaqdır
Bakı, 13 mart (AZƏRTAC). “Apple” şirkəti istifadəçilərin aldıqları rəqəmli kontentə olan hüquqları digər insanlarla paylaşmaq imkanı verən sistem tərtib etmişdir.
“Apple Insider” bloqunda yerləşdirilmiş məlumata əsasən, sistem ABŞ patent idarəsinə təqdim edilmiş patent sifarişində tam təfərrüatı ilə təsvir edilmişdir.
Patentə uyğun olaraq sistem istifadəçisi internet-dükanda aldığı elektron kitabları, musiqini, teleserialları və filmləri satmaq hüququna malikdir. Lakin bu, yalnız kontent yaradıcısının şərtlərinə uyğun şəkildə həyata keçirilə bilər. Kontent yaradıcısı təkrar satış sayını məhdudlaşdıra bilər, həmçinin təkrar satışın hansı müddətdən sonra mümkün olduğunu əvvəlcədən müəyyən edə bilər.
Sistem kitabları, musiqini və kinonu nəinki satmağa, həm də bağışlamağa və kirayəyə verməyə ixtiyarlıdır. Lakin bu halda istifadəçi kontentə olan hüquqlarını itirir.
“Apple” dükanın və ya kontent yaradıcısının təkrar satışdan müəyyən məbləğdə vəsait qazanacağını da istisna etmir. “iTunes” və “Google Play” daxil olmaqla, müasir internet-dükanları istifadəçilərə aldıqları proqramları, filmləri, musiqini və s. digərinə verməyi qadağan etmişdir.
Lakin rəqəmli kontentin ötürülməsinin leqallaşdırılması bir sıra şirkətin təklifi ilə həyata keçirilmişdir.