İQTİSADİYYAT
“İnvest-AZ” MMC Bakı Fond Birjasının səhmdarları sırasına daxil olmuşdur
Bakı, 19 sentyabr (AZƏRTAC). “İnvest-AZ” MMC şirkəti Bakı Fond Birjasının (BFB) səhmdarları sırasına daxil olmuşdur.
Cəmiyyətin korporativ kommunikasiya və beynəlxalq əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, BFB-nin səhmdarlarının ümumi yığıncağında “İnvest-AZ” şirkətinin fondun səhmdarı olması ilə bağlı müraciətinə baxılmış və müsbət qərar verilmişdir. Qərara əsasən BFB-nin nominal dəyəri 200 manat olan 300 ədəd adi, adlı sənədsiz səhmlərinin buraxılması yolu ilə nizamnamə kapitalı artırılmış və həmin səhmlər “İnvest-AZ” MMC şirkətinə təklif olunmuşdur.
Sentyabrın 17-də emissiyanın yekunları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydiyyata alınmışdır.
Hazırda “İnvest-AZ” MMC də daxil olmaqla BFB-nin 20 səhmdarı vardır. Qeyd edək ki, 2006-cı ildə yaradılmış “İnvest-AZ” MMC diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün QKDK tərəfindən verilmiş müvafiq lisenziyalara malikdir. Həmçinin şirkət İstanbul Birjasının (“Borsa İstanbul”) səhmdarı və üzvüdür.