DÜNYA
İordaniya Kralı İsrailin Baş naziri ilə regional sülh və təhlükəsizlik məsələlərini müzakirə edib
Qahirə, 27 iyul, AZƏRTAC
İordaniya Kralı II Abdulla Əmmanda səfərdə olan İsrailin Baş naziri Yair Lapid ilə görüşündə Yaxın Şərqdə davamlı sülhün və təhlükəsizliyin bərqərar olması məsələlərini müzakirə edib.
AZƏRTAC rəsmi Petra agentliyinə istinadla xəbər verir ki, Kral II Abdulla regionda dayanıqlı sülhün bərqərar olmasında Fələstin probleminin həllini mühüm amil kimi qiymətləndirib. O əlavə edib ki, İsrail Dövləti bu yaxınlarda ABŞ Prezidenti Cozef Baydenin regiona səfəri zamanı vəd etdiyi regional iqtisadi layihələrə Fələstini də cəlb etməlidir. Kral II Abdulla problemin “iki dövlət” prinsipi əsasında həllinin ərəb ölkələri və İsrail arasında daha çox yaxınlaşmaya səbəb olacağını vurğulayıb.
Görüşdə İordaniya ilə İsrail arasında ikitərəfli əlaqələrin inkişafı, birgə iqtisadi layihələrin həyata keçirilməsi perspektivləri də müzakirə olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə