CƏMİYYƏT
İordaniya mətbuatı Azərbaycanla əlaqələrin inkişafında xalq diplomatiyasının rolundan yazıb
Qahirə, 20 iyul, AZƏRTAC
İordaniyanın “Əl Ənbat”, “Şaab”, “Nəbd Əl Balad” və “Cohina” qəzetlərində Azərbaycanla əlaqələrin inkişafında xalq diplomatiyasının rolundan bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, rus əsilli iordaniyalı jurnalist Yelena Neduqinanın müəllifi olduğu məqalədə hələ sovet hakimiyyəti illərində bu ölkənin jurnalistlərinin və alimlərinin azərbaycanlı həmkarları ilə dostluq əlaqələrindən, Azərbaycanın müstəqilliyinin ilk illərində iki dost xalqın ziyalıları arasında əməkdaşlıqdan bəhs olunur. Müəllif qeyd edir ki, Moskva Dövlət Universitetində təhsil almış iordaniyalı akademik Mərvan Suda və onun jurnalistika sahəsində fəaliyyət göstərən ailə üzvləri ərəb mətbuatında Azərbaycanın Qarabağla bağlı ədalətli mövqeyi haqqında məqalələrlə çıxış edib, bu gün də yerli ictimaiyyətinə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlar təqdim edirlər. Eyni zamanda, Azərbaycanın İordaniyadakı səfirliyi ilə sıx əməkdaşlıq şəraitində birgə tədbirlər təşkil olunur.
Məqalədə iki dost ölkənin əlaqələrinin daha da inkişafında gənclərin və diaspor təşkilatının rolu, turizm sektorunda əməkdaşlıq, Bakı ilə Əmman arasında birbaşa aviareyslərin təşkili, İordaniya və Azərbaycan universitetlərinin tələbə mübadiləsinin perspektivlərindən ətraflı bəhs olunub. Müəllif qeyd edib ki, xalq diplomatiyası iki dost ölkənin daha da yaxınlaşmasında ən səmərəli vasitələrdən biridir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə