CƏMİYYƏT
İordaniyalı jurnalist Azərbaycanda mətbuatın inkişafından yazıb
Qahirə, 25 iyul, AZƏRTAC
İordaniyanın “Əl Ənbat”, “Cohina” və “Şaab” qəzetlərində Azərbaycanda mətbuatın inkişafı barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, akademik və jurnalist Mərvan Sudanın müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatların milli informasiya resurslarının inkişafında əsaslı dönüş yaratdığını söylədiyi qeyd olunub. Azərbaycanda söz və mətbuat azadlığının təmin olunduğunu diqqətə çatdıran müəllif vurğulayıb ki, eyni zamanda, jurnalistlərə yüksək dövlət qayğısı da mövcuddur.
Məqalədə Qarabağın incisi olan Şuşa şəhərində dünyanın müxtəlif yerlərindən, o cümlədən ərəb ölkələrindən media rəhbərlərinin iştirakı ilə keçirilən Beynəlxalq Media Forumu haqqında da ətraflı məlumat verilib. Müəllif vurğulayıb ki, bu cür mötəbər tədbirin Azərbaycanın şanlı Zəfərinin rəmzi olan bu gözəl şəhərdə təşkil olunması ikiqat əlamətdar hadisədir. O yazıb ki, azərbaycanlı jurnalistlərin bayramını onlarla birlikdə qeyd edir və Bakıda olan qələm dostları ilə sıx əlaqələri davam etdirir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə