İpək tellərdə milli kimlik
Şəki, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
26 Noyabr – Azərbaycan Kəlağayısı Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “İpək tellərdə milli kimlik” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Tədbirdən əvvəl “Azəripək” MMC və “Süsən” Kəlağayı Evinin nümayəndələrinin iştirakı ilə kəlağayıya naxışın vurulması prosesi peşəkarlar tərəfindən əyani şəkildə təqdim edilib, həmçinin “Kəlağayının sehri” adlı sərgiyə baxış olub.
Sərgidə kəlağayı və kəlağayıdan hazırlanmış milli geyim nümunələri nümayiş olunub, kəlağayının tarixi qaynaqlarını özündə əks etdirən kitablar sərgilənib. İştirakçılara ipəyin əldə olunması prosesi, kəlağayının rənglənməsi, naxışlanması və bu sənətin incəlikləri barədə məlumat verilib.
Tədbirdə diqqətə çatdırılıb ki, kəlağayı Azərbaycanın milli irsinin ən incə və dəyərli nümunələrindən biridir. O, təkcə baş örtüyü deyil, həm də xalqın zövqünün, ruhunun və mənəvi yaddaşının daşıyıcısıdır. Qeyd olunub ki, kəlağayının yaranma tarixi ölkəmizin çoxəsrlik ipəkçilik ənənələri ilə birbaşa bağlıdır. Azərbaycanın müxtəlif bölgələrində kəlağayı nümunələri naxışı və texnikası ilə fərqlənsə də, onun əsas fəlsəfəsi, qadının zərifliyini, ismətini və saflığını simvolizə etməsi dəyişməz olaraq qalır. Bu baş örtüyü həm sülhü və əmin-amanlığı xarakterizə edir, həm də xüsusi mərasimlərdə, toy və nişanlarda, gündəlik həyatda istifadə olunur.
Tədbir çərçivəsində, həmçinin şəkili sənətkar Güləndam Alxasovanın kəlağayıdan hazırladığı libaslar nümayiş olunub. Onun yaratdığı libaslar kəlağayı sənətinin müasir dəbdə də estetik və zərif şəkildə yaşadığını göstərir. Hər bir model kəlağayının rəng harmoniyası, milli naxışların dərin mənası və ipəyin xüsusi parlaqlığı ilə seçilib.
Sonda belə tədbirlərin milli-mədəni irsin qorunması, kəlağayı sənətinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb.