DÜNYA
İqlim dəyişiklikləri bəşəriyyətin sağlamlığı üçün təhlükəlidir
Bakı, 25 oktyabr (AZƏRTAC). İqlim dəyişiklikləri bütün dünyada sağlamlıq və təhlükəsizlik üçün “ciddi və getdikcə artan” qorxu yaradır. Londonda başa çatmış elmi konfransın iştirakçıları belə qənaətə gəlmişlər. Konfransda müxtəlif sahələrin - tibbi, hərbi-texniki və elmi sahələrin ekspertləri iştirak etmişlər.
Avstraliya alimlərinin fikrincə, iqlim dəyişiklikləri nəticəsində temperaturun artması artıq qarşıdakı yüzillikdə son həddə çata bilər. Alimlər isladılmış termometrin köməyi ilə tədqiqatlar aparmışlar. Termometri nəm parçaya bükməklə istifadə olunan bu üsul hərəkət edən havanın təsirinə məruz qalan nəm dəriyə göstərilən effekti müəyyənləşdirməyə imkan verir. Tədqiqatçılar hesablamışlar ki, insanlar və bədəninin daxili temperaturu Farengeyt üzrə təqribən 98,6 dərəcə (bizim adət etdiyimiz 36,6 dərəcə Selsi) olan heyvanların əksəriyyəti 6 saat və daha uzun müddət nəm termometrin 95 dərəcədən (Selsi ilə 35 dərəcədən) yüksək temperaturuna məruz qaldıqda istilik stressinin potensial ölüm səviyyəsini hiss edəcəklər.
Tədqiqatın müəlliflərindən biri, Perdyu Universitetinin əməkdaşı professor Metyu Xuber deyir: “Planetin bir çox regionlarında havanın adi temperaturu 100 dərəcədən (37,8
dərəcə S) çox olur, nəm termometrin temperaturunun çox yüksək olması son dərəcə nadir haldır”.
Alimlər müəyyən etmişlər ki, Farengeyt üzrə 12 dərəcə istiləşmə Yerin bəzi rayonlarında nəm termometrin kritik temperatur limitinin xeyli artmasına gətirib çıxaracaqdır, 21 dərəcə istiləşmə isə planetin əhalisinin yarısını məhv edəcəkdir. Yeni Cənubi Uels Universitetinin professoru Stiven Şervud öz məqaləsində xəbərdarlıq edərək bildirmişdir: “Belə temperaturu bizim əsrdə görəcəyimiz ehtimalı son dərəcə az olsa da, növbəti əsrdə bu, baş verə bilər”.