ELM VƏ TƏHSİL
İqlim dəyişikliyi zamanı heyvanların hərəkətini göstərən interaktiv xəritə hazırlanıb
Bakı, 29 avqust, AZƏRTAC
Son zamanlar iqlim dəyişikliyi və onun heyvanlara təsiri mütəxəssislərin diqqət mərkəzində olan aktual mövzulardandır. İstiləşmənin təsiri ilə heyvanların havanın temperaturunun daha aşağı olduğu ərazilərə kütləvi hərəkəti müşahidə oluna bilər.
AZƏRTAC “Phys.org” saytına istinadla xəbər verir ki, Vaşinqton Universiteti Təbiəti Mühafizə təşkilatı ilə birgə müxtəlif heyvanların kütləvi hərəkətini izləməyə imkan verən interaktiv xəritə hazırlayıb. Dəqiq vizual effektlər vasitəsilə əvvəllər hazırlanmış statistik xəritələrdən daha aydın nəticələr əldə etməyə imkan verən xəritədə məməlilərin, quşların və sürünənlərin hərəkətini ayrı-ayrılıqda izləmək üçün hər qrupa fərqli rənglər tətbiq edilib.
Xəritə hələlik yalnız ABŞ ərazisində heyvanların hərəkətini izləməyə imkan verən mexanizmlə təchiz olunub. Gələcəkdə bu sistemin iqlim dəyişikliyinin təsiri ilə bütün dünya üzrə canlıların köçünü təqib etməyə uyğunlaşdırılması da nəzərdə tutulub.