İQTİSADİYYAT
“İqlim dəyişmələrinə təsirin azaldılması üzrə strategiya”nın icrası uğurla davam etdirilir
Bakı, 5 yanvar (AZƏRTAC). ARDNŞ “İqlim dəyişmələrinə təsirin azaldılması strategiyası”nı uğurla həyata keçirir. Strategiya çərçivəsində struktur bölmələrdə iqlim dəyişmələrinə təsirin azaldılmasına yardım edən potensialın aşkarlanması və realizə edilməsi üçün Fəaliyyət Planı hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, planda istilik effekti yaradan qazların müntəzəm ölçülməsi, hesabat və təkmilləşdirilmiş monitorinq sisteminin yaradılması, qaz xətlərindəki sızmaların azaldılması, texnoloji proseslərdə enerji səmərəliliyin artırılması, innovativ texnologiyaların tətbiqi, neftlə çirklənmiş ərazilərin təmizlənməsi və yaşıllaşdırılması, müxtəlif növ məlumatlandırma və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur.
Fəaliyyət Planına uyğun olaraq “28 May” NQÇİ-nin “Günəşli” yatağında kompressor stansiyası istismara verilmişdir. Layihənin həyata keçirilməsi nəticəsində ildə 310 milyon kubmetr səmt qazı yığılaraq sistemə nəql edilir. “Neft Daşları” NQÇİ-nin yataqlarından il ərzində havaya atılan 200 milyon kubmetr həcmində səmt qazlarının utilizə edilməsi üçün vakuum kompressorlar quraşdırılmışdır. Neft emalı zavodlarında həyata keçirilmiş texniki tədbirlər nəticəsində, 1 ton neftin emalından əmələ gələn faktiki atılmalar 0,136 tona endirilmişdir.
“Azəriqaz” İstehsalat Birliyində aparılmış rekonstruksiya işləri istilik sistemlərinin yeniləşməsi, sızmaların aradan qaldırılması nəticəsində atmosferə təbii qazın atılmalarının azaldılmasına nail olunmuşdur. Bundan əlavə “Binəqədi Oyl”, “Salyan Oyl”, “Şirvan Oyl” və “Neftçala” Əməliyyat Şirkətlərində səmt qazının utilizə edilməsi istiqamətində görülən tədbirlər nəticəsində atılan səmt qazlarının həcmi azaldılmışdır.
ARDNŞ-in struktur bölmələrində 2013-2015-ci illər üzrə tərtib olunmuş tədbirlər planı strategiyanın icrası ilə bağlı işlərin gələcəkdə də uğurla davam etdirilməsinə zəmin yaratmışdır.