İQRAR HƏBİB OĞLU ƏLİYEV
İqrar Əliyev 1924-cü il martın 14-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1940-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. O, 1945-ci ildən universitetdə müəllim, 1946-cı ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, sonra isə, 1950-ci ildən Qiyabi Pedaqoji İnstitutda qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri işləmişdir.
İqrar Əliyev, eyni zamanda, 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi olmuş, 1957-ci ildən isə Qədim tarix şöbəsinə rəhbərlik etmişdir. O, 1978-ci ildən ömrünün sonuna qədər Tarix İnstitutunun direktoru vəzifəsində çalışmış, 1981-1984-cü illərdə Akademiyanın Tarix, iqtisadiyyat, fəlsəfə və hüquq bölməsinin akademik-katibi olmuşdur.
İqrar Əliyev 1949-cu ildə namizədlik, 1961-ci ildə isə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycanda qədim tarix üzrə ilk elmlər doktoru olmuşdur. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilmişdir.
İqrar Əliyev tarix elminə qiymətli töhfələr verən alim idi. Geniş elmi maraq dairəsi olan İqrar Əliyev Azərbaycan tarixinin ən qədim dövrünün milli dövlətçilik tarixi üçün böyük əhəmiyyət kəsb edən bir çox problemlərini araşdırmışdır. Azərbaycan ərazisindəki Midiya, Atropatena və Qafqaz Albaniyası dövlətlərinin tarixi ilə bağlı tədqiqatları alimə şöhrət qazandırmışdır. Onun Qədim Şərq filologiyası, arxeologiya, o cümlədən İranın qədim dövr maddi mədəniyyət abidələrinə dair araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. O, qədim abidələrin tədqiq olunması baxımından mühüm arxeoloji ekspedisiyaların bilavasitə iştirakçısı olmuş, Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunması işində daim fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, Qarabağ münaqişəsinin başlanması ilə bağlı xalqımızın mürəkkəb dövründə tutarlı alim sözü ilə onun haqq işini müdafiə etmişdir.
Çoxcildlik Azərbaycan tarixi İqrar Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə işıq üzü görmüşdür. O, səmərəli elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanmasına və elmin təşkilinə böyük qüvvə sərf etmişdir. İqrar Əliyev bir sıra beynəlxalq elmi konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.
Tanınmış tarixçi İqrar Əliyevin yarım əsrdən artıq elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli alim, bacarıqlı elm təşkilatçısı, qayğıkeş insan İqrar Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mahmud Kərimov,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Nizami Xudiyev, Arif Mehdiyev,
Nəriman Quliyev, İsmayıl Hacıyev,
Ağamusa Axundov, Cəmil Quliyev,
Teymur Bünyadov, Arif Abbasov,
Məşədixanım Nemətova, Yaqub Mahmudov,
Fəridə Məmmədova, Nailə Vəlixanlı,
Vəli Əliyev.