ELM VƏ TƏHSİL
İqtisad Universitetinin tələbəsinin birinci Avropa Oyunlarına həsr edilən fotosərgisi açılıb
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan təbiəti Bakı məşəlinin işığında” mövzusunda fotosərgi keçirir.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, sərginin təşkil olunmasının məqsədi ilk Avropa Oyunları ərəfəsində ölkəyə gələn xarici qonaqlara fotolar vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.
Universitetin texnologiya və dizayn fakültəsinin üçüncü kurs tələbəsi Sona Gözəlovanın müəllifi olduğu sərgidə 30-dək fotoşəkil nümayiş etdirilib. Ölkəmizdə böyük təntənə ilə keçirilən ilk Avropa Oyunlarının məşəlinin səyahət etdiyi rayonların təbiət mənzərələri paytaxt sakinləri və turistlərin böyük marağına səbəb olub. Sərgidə nümayiş olunan təbiət əsərləri haqqında qonaqlara ətraflı məlumat verilib.
Xarici qonaqlar sərgi barədə təəssüratlarını bölüşərək qeyd ediblər ki, fotoşəkillərdə Azərbaycanın füsunkar təbiətini gördükdən sonra həmin yerlərə səfər etməyi düşünürlər.
“Azərbaycan təbiəti Bakı məşəlinin işığında” fotosərgisi iyunun 21-dək davam edəcək.