İQTİSADİYYAT
İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye mülkiyyəti hüquqlarına dair əlaqələndirmə komitəsinin iclası keçiriləcəkdir
Bakı, 11 iyun (AZƏRTAC). İyunun 16-da Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sənaye mülkiyyəti hüquqlarına dair əlaqələndirmə komitəsinin ikinci iclası keçiriləcəkdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak edəcəklər.
İclasda sənaye mülkiyyəti hüquqlarının son meyllərinə baxışların keçirilməsi, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu sahədə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmlərinin müzakirəsi nəzərdə tutulur.
Əlaqələndirmə komitəsinin əsas məqsədi üzv ölkələr arasında sənaye mülkiyəti sahəsində əlaqələrin, habelə iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir.
Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən patent sistemi, nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir.