İQTİSADİYYAT
“İqtisadi inkişafımızın Heydər Əliyev modeli” mövzusunda “dəyirmi masa”lar keçirilir
Bakı, 29 aprel (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən sosial tərəfdaşlarla birgə “İqtisadi inkişafımızın Heydər Əliyev modeli” mövzusunda “dəyirmi masa”lar keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, mayın 8-dək davam edəcək tədbirlər ölkədə sosial rifah halının yüksəldilməsi, o cümlədən, işsizliyin aradan qaldırılması sahəsində ulu öndərin mühüm xidmətləri barədə cəmiyyətin daha geniş məlumatlandırılması məqsədinə xidmət edir.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin dövlət məşğulluq siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, eyni zamanda, qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsində, sahibkarlığın inkişaf etdirilməsində misilsiz fəaliyyətindən bəhs olunur.
“Dəyirmi masa”larda, həmçinin işəgötürənlərin məşğulluq xidmətində rolu, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri, bu sahədə qarşıda duran vəzifələr müzakirə olunur.