İQTİSADİYYAT
İqtisadiyyat və Sənaye Nazirliyi ilə "Marubeni Corporation" şirkəti arasında müqavilə imzalanmışdır
Bakı, 23 aprel (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın "Marubeni Corporation" şirkəti arasında məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müqaviləyə əsasən, "Marubeni Corporation" şirkəti Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradılması ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərəcəkdir.
Sənədə uyğun olaraq, "Marubeni Corporation" bu sahədə Azərbaycanda xammal bazasını araşdıracaq, dəmir filizi hasilatı və polad istehsalında müasir texnologiyaların tətbiqi, istehsal oluna biləcək məhsulların çeşidi barədə təkliflər verəcək, ölkə və region üzrə, eləcə də perspektivli hesab olunan digər bazarları təhlil edəcəkdir.
Məsləhətçi şirkət, həmçinin polad istehsalı kompleksində istehsal ediləcək müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsulların iqtisadiyyatın müxtəlif sahələrində - tikinti, maşınqayırma, neft sənayesi, eləcə də strateji istiqamətlər olan hərbi-sənaye, gəmiqayırma sahələrində istifadə imkanları barədə müvafiq təkliflər hazırlayacaqdır.