İRAN “ALTILIĞIN” PLANI İLƏ, DEMƏK OLAR, RAZIDIR
Bununla yanaşı, Tehran uranın saflaşdırılmasına dair planın əsas bəndinin birmənalı olmadığını bildirmiş və bu bənd barədə “altılığın” izahat verməsini xahiş etmişdir.
Xatırladaq ki, iyunun 11-də İran parlamentinin sədri Qulaməli Həddad Adil də danışıqlar prosesinin iştirakçılarını müqabil təklifləri gözləməyə çağırmışdır. Bu təklifləri İran hökuməti onun nüvə probleminin tənzimlənməsi barədə Vyanada ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin tərəfindən hazırlanmış təşəbbüslər paketinə cavab olaraq irəli sürəcəkdir.
Bu paketi İran hökumətinə iyunun 6-da Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana təqdim etmişdi. Təkliflər paketinin məzmunu hələlik açıqlanmır.
Rusiya XİN-in başçısı Sergey Lavrovun dediyinə görə, “altılığın” təkliflərində həm uranı saflaşdırmaq işlərini, həm də qətnamənin layihəsinin BMT Təhlükəsizlik Şurasında müzakirəsini dayandırmaq nəzərdə tutulur. Bundan başqa, Lavrovun sözlərinə görə, “paketdə İranın dinc atom enerjisinin, qeyri-nüvə texnologiyalarının inkişafı üçün ciddi qarşılıqlı fəaliyyət, habelə İranı regionun təhlükəsizliyi problemlərinin həllinə dair dialoqa cəlb etmək təklif olunur, amma bir şərtlə ki, İranın nüvə proqramının ancaq dinc xarakter daşıdığına şəkk-şübhə qalmasın”.
Bundan əlavə, “altılığın” planında nəzərdə tutulduğuna görə, İrana uranı nüvə reaktorundan ötrü yanacaq istehsalı üçün saflaşdırmağa icazə veriləcəkdir. Üstəlik, bəzi məlumatlara görə, planda bildirilir ki, İran öz nüvə niyyətlərindən əl çəkərsə, ABŞ nüvə texnologiyalarını və avadanlığını Tehranla bölüşməyə hazır olacaqdır.