İDMAN
İRAN CÜDOÇUSU İSRAİLLİ RƏQİBİ İLƏ GÖRÜŞDƏN İMTİNA ETDİYİNƏ GÖRƏ 115 MİN DOLLAR ALA BİLƏR
AZƏRTAC-ın xəbər verdiyi kimi, İran cüdoçularının lideri Araş Mirismaili Olimpiya turnirinin ilk mərhələsində israilli rəqibi ilə güləşməkdən siyasi mülahizələrə görə imtina etmişdir. Avqustun 14-də İran nümayəndə heyətinin başçısı Nəsrulla Səyadi Afinada jurnalistlərə bildirmişdir ki, Mirismaili buna görə 115 min dollar almalıdır.
Səyadi demişdir: “Mirismaili 66 kiloqramadək çəkidə qızıl medal qazana bilərdi. Ona görə də hesab edirəm ki, o, ölkəmizin idman təşkilatlarından müvafiq kompensasiya almalıdır”.
Mirismaili iki dəfə dünya çempionu olmuş, Sidney Olimpiadasında isə 5-ci yeri tutmuşdur. Avqustun 13-də Oyunların açılış mərasimində o, ölkəsinin bayrağını aparmışdır.
İsrailin nümayəndə heyəti İran idmançısının qərarından təəccüblənmişdir. Komandanın rəsmi nümayəndəsi Yaron Mixael demişdir: “Biz Afinaya siyasətlə məşğul olmağa deyil, idman meydanlarında mübarizə aparmağa gəlmişik. Odur ki, atletlərimizin hansı millətin idmançıları ilə qarşılaşacağının bizim üçün heç bir fərqi yoxdur”.