SİYASƏT
İran mətbuatı Azərbaycan Prezidentinin bu ilin birinci rübünün yekunlarına həsr olunan iclasdakı çıxışından yazıb
Tehran, 13 aprel, AZƏRTAC
İranın dövlət informasiya agentliyi olan İRNA Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr olunan iclasdakı çıxışına diqqət ayırıb.
AZƏRTAC-a istinad edən sayt qeyd edib ki, Prezident İlham Əliyev İran ilə birlikdə Araz çayı üzərində “Qız qalası” və “Xudafərin” su elektrik stansiyalarının tikintisinin sürətləndirilməsinin zəruri olduğunu bildirib. Qeyd olunub ki, bu stansiyalar hər iki dövlətin iqtisadi inkişafı üçün faydalıdır. Prezident, həmçinin nəzərə çatdırıb ki, işğaldan azad olunan Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi ilə bağlı BP şirkəti ilə danışıqlar aparılır və yaxın vaxtlarda nəticə əldə ediləcək. Bu stansiyanın potensialı yüksək olacaq.
Nəzərə çatdırılıb ki, Prezident İlham Əliyev İran ərazisindən keçməklə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək kommunikasiya xətlərinin və yolların tikintisi üçün hazırlıq işlərinin aparıldığını bildirib.
Materialda 1990-cı illərdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində qalan Naxçıvana qaz verməsi və muxtar respublika əhalisinə göstərdiyi köməyə görə İrana təşəkkür də əks olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidenti Qərbi ikili standartlar siyasəti yürütməkdə ittiham edib. Qeyd edib ki, Qərb Ukraynanın ərazi bütövlüyünə həssaslıqla yanaşır. Lakin Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycana qarşı biganəlik göstərir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran