DÜNYA
İran polisi iki tona yaxın narkotik maddə müsadirə edib
Tehran, 28 noyabr AZƏRTAC
İranın Sistan-Bəlucistan bölgəsində həyata keçirilən xüsusi əməliyyat zamanı iki tona yaxın narkotik maddə müsadirə edilib.
AZƏRTAC bölgənin polis rəisi general Məhəmməd Qənbəriyə istinadən xəbər verir ki, əməliyyat zamanı polis qüvvələri qaçaqmalçıların silahlı müqaviməti ilə qarşılaşıblar. Silahlı toqquşma nəticəsində iki qaçaqmalçı məhv edilib, ikisi isə həbs olunub.
Polis rəisi bildirib ki, bölgənin Xaş şəhərində keçirilən əməliyyat zamanı 1,425 ton tiryək, 69,768 kiloqram heroin və 1,850 kiloqram digər narkotik maddə müsadirə edilib. Eyni zamanda, iki “Kalaşnikov” avtomatı da ələ keçirilib.
M.Qənbərinin sözlərinə görə, İran polisi bölgədəki vəziyyəti nəzarətdə saxlayır və narkotik qaçaqmalçılığının qarşısı qətiyyətlə alınır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran