MƏDƏNİYYƏT
İranda “Sədaqət” jurnalının ilk nömrəsi işıq üzü görüb
Bakı, 24 noyabr, AZƏRTAC
Təbrizdə türkcə-farsca mədəni fikir jurnalı “Sədaqət”in ilk nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın təsisçisi və redaktoru, uşaq ədəbiyyatı yazarı Nazilə Cavadbəylidir. Eyni zamanda, o, “Mədəni mükəmməllik birliyi” və “Qələmdən hədəf nəşriyyatı” adlı mədəni mərkəzlərin qurucusudur.
Jurnalın ilk nömrəsində olduqca zəngin məlumatlar toplanıb. Nəşrdə İran türklərindən 50-ə yaxın tərcüməçi, yazar, şair və tədqiqatçının əsəri dərc edilib. Jurnal İran və dünya türklərinin mədəni, bədii, ictimai, tarixi və milli mövzularını özündə birləşdirir. Həmçinin jurnalda Tatarıstanın yazar və tədqiqatçılarının da yazılarına yer ayrılıb.
Jurnal “Qələmdən hədəf nəşriyyatı”nda çap olunub.