REGİONLAR
İrandan Azərbaycana narkotik vasitə gətirən Sumqayıt sakini saxlanılıb
Astara, 9 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayaqqabısında İran İslam Respublikasından qaçaqmal yolu ilə yarım kiloqramdan artıq narkotik vasitə gətirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhəri, Corat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Rövşən Şükürov Astara şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Onun üzərinə keçirilən baxış zamanı hər iki ayaqqabısının içərisindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə satış məqsədilə gətirdiyi ümumilikdə 505 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.