CƏMİYYƏT
İranın ədliyyə naziri: Siyasi və iqtisadi əlaqələrin inkişafı məhkəmə-hüquq sahəsində əməkdaşlığı zərurətə çevirib
Tehran, 31 avqust, AZƏRTAC
İran dünyada ən çox narkotik vasitə istehsal edən bir ölkə ilə çox uzun sərhədə malikdir. Təəssüf ki, bütün səylərimizə baxmayaraq, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşmalar İran ərazisindən tranzit kimi istifadə etməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi Tehranda səfərdə olan Azərbaycanın Respublikasının Baş prokuroru Kamran Əliyevlə görüşündə deyib. O bildirib ki, silahlı qaçaqmalçılarla toqquşmada 4 min iranlı sərhədçi şəhid olub. Narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizədə İran Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır. Bu sahədə təcrübə və informasiya mübadiləsi, həmçinin birgə tədbirlərin keçirilməsi günün tələbidir.
Nazir nəzərə çatdırıb ki, bu gün İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. İqtisadi əlaqələr daha geniş sahələri əhatə edir. Siyasi və iqtisadi əlaqələrin inkişafı məhkəmə-hüquq sahəsində əməkdaşlığı zərurətə çevirib.
Əmin Hüseyn Rəhimi İranın məhkəmə sistemi, məhkumların saxlanılması və başqa məsələlər barəsində geniş məlumat verərək, iki ölkənin hüquq sistemlərinin əməkdaşlığının tərəflər üçün faydalı olacağını diqqətə çatdırıb.
Tehran