CƏMİYYƏT
İranın nüfuzlu din xadimləri Azərbaycanın Dağlıq Qarabağ ərazisində gedən hərbi əməliyyatlarla bağlı açıqlama veriblər
Bakı, 17 oktyabr, AZƏRTAC
İran İslam Respublikasının nüfuzlu din xadimləri - Ayətullah Nuri Həmədani, Ayətullah Seyid Cavad Mərəşi Təbrizi və Ayətullah Əlirza Ərafi açıqlama verərək bildiriblər ki, beynəlxalq hüquq və qanunlara əsasən, Dağlıq Qarabağ və ətrafındakı ərazilər Azərbaycana aiddir və onun ayrılmaz hissəsidir. Buna görə də bu ərazilər Azərbaycana qaytarılmalıdır. Bütün din alimləri işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması üçün əl-ələ verərək birləşməlidirlər.
Onlar qeyd ediblər ki, İslamın humanist prinsiplərini əsas tutan din xadimləri Azərbaycanın rəşadətli xalqını müdafiə etməyi özlərinə borc bilirlər, indiyədək daim Azərbaycan xalqının yanında olublar, bundan sonra da olacaqlar və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəklər.
Açıqlama müəllifləri Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərə Allahdan rəhmət diləyir, hazırda cəbhədə doğma torpaqlarının azadlığı uğrunda döyüşən Azərbaycan əsgərlərinə zəfər arzulayırlar.