SİYASƏT
İRAQ HÖKUMƏTİ VƏ XALQI AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ İRAQDAKI XİDMƏTİNƏ GÖRƏ MİNNƏTDARDIR
İraq hökuməti və xalqı Azərbaycan sülhməramlılarının İraqdakı xidmətinə görə Azərbaycana minnətdardır. AZƏRTAC xəbər verir ki, bu fikir İraqın Bakıdakı səfirliyinin Azərbaycanın İraq ərazisində xidmət edən sülhməramlılarını həmin ölkədən çıxarmaq barədə qərarı ilə bağlı yaydığı məlumatda qeyd edilmişdir.
Məlumatda bildirilir ki, Azərbaycan İraq xalqına yardım əlini uzatmış birincilər sırasında olmuşdur. Azərbaycan sülhməramlıları 2003-cü ilin yayından indiyədək İraqdakı ən böyük bənd və su elektrik stansiyalarından birinin mühafizəsini yerinə yetirmişdir. Onlar üzərlərinə qoyulmuş vəzifəni layiqincə yerinə yetirmiş, nizam-intizam və qəhrəmanlıq nümunəsi olmuşlar. İraq xalqı və hökuməti bu nəcib mövqeyi heç vaxt yaddan çıxarmayacaqdır.
Səfirliyin məlumatında bildirilir ki, İraq hökuməti göstərdikləri sücaət və sədaqətə görə Azərbaycan sülhməramlılarının İraqı tərk etməzdən öncə təntənəli yolasalma mərasimi təşkil etməyi planlaşdırır. İraq hökuməti Azərbacyanın yüksək səviyyəli hərbi, mülki və parlament nümayəndə heyətinin həmin tədbirdə iştirakını alqışlayır.
İraq xalqı və hökuməti azərbaycanlı sülhməramlılara müvəffəqiyyət arzulayır, İraq ərazisində şəhid olmuş sülhməramlıya isə qadir Allahdan rəhmət diləyir.