DÜNYA
İraqlı nazir: “Shell”in boşluğunu “Chevron” və “Total” dolduracaq
Bakı, 9 oktyabr, AZƏRTAC
“Chevron” və “Total” şirkətləri “Shell”in çıxmaq istədiyi İraqın “Majnoon” neft yatağının işlənməsi layihəsində iştirak etmək istəyir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi deyib.
“Chevron” və “Total” “Majnoon” neft yatağının işlənməsi layihəsində iştirak etməkdə maraqlıdır. Lakin İraq hələ “Shell”in “Majnoon” layihəsindəki səhmləri üçün digər beynəlxalq şirkətlərlə danışıqlara başlamayıb. “Shell”in də yatağın işlənməsi layihəsindən ayrılması prosesi hələ yekunlaşmayıb.
“Shell” şirkəti ilə danışıqların davam etdiyini bildirən nazir hər kəs üçün qənaətbəxş bir razılığın əldə ediləcəyinə ümidvar olduğunu ifadə edib.
Qeyd edək ki, “Shell” şirkəti ötən ay “Majnoon” yatağının işlənməsi layihəsindən ayrılmaq üçün İraqın Neft Nazirliyi ilə razılığa gəldiyini açıqlayıb.