“İRƏVANA 7 MƏKTUB”
“Əbilov, Zeynalov və oğulları” nəşriyyatının nəfis şəkildə, Azərbaycan və rus dillərində bir kitabda buraxdığı əsərin yazılmasından məqsəd, müəllifin dili ilə desək, qonşu xalqlara qarşı qeyri-insani nifrət, soyqırımı hissləri aşılayan erməni millətçi-şovinistlərinə cavab deyil, bütün mənalı həyatını doğma xalqının tərəqqisinə, uğurlu gələcəyinə həsr etmiş, əməlləri, ideyaları və böyük adı ilə Azərbaycanı, xalqımızı daim şərəfləndirmiş dünyanın siyasət korifeylərindən biri, ümummilli liderimiz Heydər Əliyevin uca şəxsiyyətinə Ermənistanda siyasi-ideoloji dairələrin, erməni ictimaiyyətinin paxıl, qısqanc, düşmən münasibətini ifşa etməkdir. Müəllif şəxsən özünün şahidi olduğu, iştirak etdiyi hadisələri qələmə alaraq, XX əsrin 70-80-ci illərində İrəvanda, ümumən Ermənistanda mövcud olmuş siyasi-ideoloji, mənəvi-psixoloji ab-havanı, millətçi-şovinist mühiti, Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi prinsipial milli siyasətin və böyük quruculuq işlərinin Ermənistanda doğurduğu dərin sarsıntıları və qərəzi maraqlı, ibrətamiz faktlarla təsvir etmişdir.
Kitabda müəllif yeddi məktubun hər birində konkret hadisələrdən söhbət açaraq, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha göz önunda canlandıran faktları, erməni millətçilərinin bu böyüklük qarşısında keçirdikləri xofu, bəzi hallarda isə istər-istəməz dilə gətirməyə məcbur olduqları etirafları özünəxas publisistik üslubda oxucuya çatdırır. 1969-cu ilin payızında Cəfər Cabbarlının 70 illiyi münasibətilə Bakıda keçirilən yubiley mərasimində Ermənistandan gəlmiş nümayəndə heyətinin üzvlərindən birinin çıxışında dediyi “Heydər Əlirza oğlu, Sizin barənizdə Ermənistanda əfsanələr dolaşır”, Azərbaycan torpaqlarının bir qisminin Ermənistana bağışlanması haqqında iki respublikanın Ali Sovetİ Rəyasət Heyətlərinin razılaşdırılmış qərarına sərt etiraz olaraq, Heydər Əliyevin Ermənistan KP MK-nın birinci katibi Koçinyana, sonra isə Moskvaya qəti şəkildə elan etdiyi “O qərarın kifayət qədər əsası olmadığı üçün, icrasına imkan verə bilmərəm” bəyanatı, Daşnaksütyunun liderlərindən birinin “Heydər Əliyev aradan götürülməzsə, Qarabağ bizə vətən yox, məhbəs olacaq. Heydər Əliyev Ermənistanla yanaşı, dünya erməni lobbisini də sarsıtdı” misalları bu qəbildəndir. Kitabda Şimali Azərbaycanın xanlıqlar dövrünə aid xəritəsi də verilmişdir.
Müəllif məktublarını belə bir nikbin inamla bitirir: “Biz öz torpaqlarımıza qayıdacağıq! Və Heydər Əliyevin ruhu önündə müqəddəs borcumuzu ləyaqətlə, şərəflə yerinə yetirəcəyik!”
Kitabın rus mətninin tərcüməçisi Siyavuş Məmmədzadə, redaktorları Səfalı Nəzərli və Mayis Hacılıdır.