DÜNYA
İri iqtisadiyyat malik olan Avropa ölkələri arasında ən yüksək qiymət artımı İspaniyada müşahidə olunur
Madrid, 20 iyul, AZƏRTAC
Avropa qitəsində qiymətlərin kəskin artımı davam edir. İri iqtisadiyyat malik olan Avropa ölkələri arasında qida məhsullarının, nəqliyyatın və otellərin qiymətlərinin ən yüksək artımı İspaniyada müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, gözlənildiyinə görə, cümə axşamı Avropa Mərkəzi Bankı son on ildə ilk dəfə faiz dərəcələrinin artırılmasına razılıq verəcək və beləliklə, inflyasiyanı yumşaltmağa cəhd göstəriləcək. İyun ayında Aİ məkanında istehlak qiymətləri indeksində səkkiz dəfə yeni rekord qeydə alınıb: bu indeks illik hesabla 9,6 faiz artıb.
Avrozonada ən iri iqtisadiyyata malik olan 3 ölkədə qiymət artımı göstəriciləri İspaniya ilə müqayisədə aşağıdır. Belə ki, İspaniyada qiymət artımı 10 faiz, İtaliyada 8,5 faiz, Almaniyada 8,2 faiz, Fransada 6,5 faiz olub.
Avropada istehlak qiymətləri indeksinin artmasına təsir göstərən əsas amillərdən biri budur ki, Avropa ölkələri arasında otellərin və digər yaşayış yerlərinin qiymətinin ən yüksək artımı İspaniyada qeydə alınıb. Bu il turizm mövsümündə qiymətlərin rekord səviyyəyə çatacağı gözlənilir. İyun ayında İspaniyada bu qiymətlər 45 faiz, İtaliyada 21,4 faiz, Fransada 18,9 faiz, Almaniyada 8,6 faiz artıb.
Ukraynada hərbi əməliyyatlar səbəbindən Almaniya və İtaliya iqtisadiyyatları bilavasitə zərər çəkib, lakin həmin ölkələrlə müqayisədə İspaniyada qiymətlər daha yüksəkdir. Bu vəziyyət onunla bağlıdır ki, Krallığın istehlak zənbilində qida məhsulları, yanacaq və elektrik enerjisinin payı Almaniya, İtaliya və Fransa ilə müqayisədə daha yüksəkdir. Bu, ümumi istehlak qiymətləri indeksinin hesablanması üsuluna da təsir edir: istehlak zənbilində müəyyən məhsulun xüsusi çəkisi çox olduqca, ümumi indeksə həmin məhsulun təsiri daha güclü olur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid