MƏDƏNİYYƏT
İrlandiyanın “Eurovision” mahnı müsabiqəsindəki qalibləri bir layihədə görüşəcəklər
Bakı, 20 iyun (AZƏRTAC). İrlandiyanın “Eurovision” mahnı müsabiqəsindəki qalibləri maraqlı layihə həyata keçirəcəklər.
AZƏRTAC eurovision.az saytına istinadla xəbər verir ki, 1970, 1980, 1987, 1992, 1993 və 1994-cü illərdə “Eurovision” səhnəsində ölkəyə birincilik gətirən Dana, "Mister Eurovision" ləqəbli Johnny Logan, Niamh Kavanagh, Linda Martin, Charlie McGettigan və Paul Harrington qalib mahnıları ilə ilk dəfə eyni layihədə bir araya gələcəklər.
Artıq qaliblər ilk turlarının tarixini və yerini də müəyyənləşdirmişlər. Onlar oktyabrın 22-də İrlandiyanın məşhur mədəniyyət ocaqlarından sayılan "Cork Opera House"da olacaqlar.
İrlandiya “Eurovision” mahnı müsabiqəsinin səhnəsində əldə etdiyi qələbələrin sayına görə bu layihədə rekord nəticəyə imza atmışdır. Ölkə Avropanın ən nüfuzlu mahnı yarışmasında 7 dəfə birinci olmuşdur.
Bakıda böyük uğurla başa çatmış “Eurovision - 2012” mahnı müsabiqəsində İrlandiyanı təmsil etmiş Con və Edvard Qrayms əkiz qardaşlarından ibarət “Jedward” pop-qrupu isə sələflərindən fərqli olaraq yarışmada zəif iştirak etmiş və 26 finalçı arasında 19-cu yerlə kifayətlənməli olmuşdur.