CƏMİYYƏT
“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı avqust ayında 17,4 faiz artıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı ötən ayla müqayisədə avqust ayında 17,4 faiz artaraq 25 min 597-ə çatıb. Ümumilikdə bu ilin yanvar-avqust aylarında “İş yerinə dair arayış” e-xidmətinə 136 446 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, “İş yerinə dair arayış” e-xidməti hər bir vətəndaşa işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etmədən, istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verir. Belə ki, “E-hökumət” portalında (www.e-gov.az) autenfikasiyadan keçərək müvafiq e-xidməti seçən şəxs portal tərəfindən avtomatik olaraq onun iş yerinə dair formalaşdırılmış arayışı əldə edir. İstifadəçi istəyinə uyğun olaraq həmin arayışı çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim etmək və ya elektron yolla göndərmək imkanına malikdir.
Vətəndaşlardan bu və ya digər məsələ ilə əlaqədar iş yerinə dair arayış tələb edən qurumlar da məhz “İş yerinə dair arayış” e-xidməti vasitəsilə əldə edilən arayışlara üstünlük verirlər. Çünki onlar bu arayışların, onlardakı məlumatların həqiqiliyini “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə edərək asanlıqla yoxlaya bilirlər.
“İş yerinə dair arayış” elektron xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir. Həmin vaxtdan cari ilin sentyabrın 1-dək vətəndaşlar bu e-xidmətdən ümumilikdə 361 632 dəfə faydalanıblar.