SİYASƏT
İŞÇİ QRUPUNUN İLK TOPLANTISI KEÇİRİLMİŞDİR
Bakı, 28 oktyabr (AZƏRTAC). Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun təşəbbüsü ilə Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatlarının işçi qrupunun ilk toplantısı keçirilmişdir.
Toplantıda Sürix protokollarının imzalanmasından sonra regiondakı vəziyyət, Azərbaycan-Türkiyə münasibətlərində yaranmış sərinlik, hər iki ölkənin QHT-ləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Bundan başqa, Azərbaycan və Türkiyə arasında ictimai dialoqun gücləndirilməsi, 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə Şəhidlər xiyabanında Azərbaycanın daşnak-bolşevik işğalından azad edilməsi zamanı şəhid olan türk əsgərlərinin məzarlarının ziyarət olunması, İctimai Televiziya vasitəsilə iki ölkə QHT-ləri arasında telekörpü yaradılması, yaxın gələcəkdə Türk Dövlətləri QHT-ləri Forumunun keçirilməsi və digər məsələlər nəzərdən keçirilmişdir.