ELM VƏ TƏHSİL
İşə yeni qəbul edilən məktəb direktorları ilə görüş keçirilib
Bakı, 1 sentyabr, Günel Məlikova, AZƏRTAC
Sentyabrın 1-də Təhsil Nazirliyində işə yeni qəbul edilən məktəb direktorları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilən məktəb direktorlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məktəb direktorlarının qarşılarında duran vəzifələrə toxunan nazir onları üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə və rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə səylə çalışmağa çağırıb. Məktəb direktorluğunun onların karyera yolunda son mərhələ olmayacağına ümid etdiyini bildirib.
Təhsilin Azərbaycanın gələcəyinə qoyulan sərmayə olduğunu vurğulayan M.Cabbarov insanın milli mənəvi dəyərlərinin, gələcək uğurlarının təməlində ailə və məktəbin durduğunu vurğulayıb.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq dörd mərhələdən ibarət müsabiqə keçirildiyini xatırladıb. Bildirilib ki, əvvəldən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsabiqə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.
Sonra məktəb direktorlarını maraqlandıran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr verilib.