CƏMİYYƏT
İşəgötürənlər üçün “Əmək və Məşğulluq“ altsistemi ilə bağlı təlimlərə başlanılıb
Bakı, 13 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni “Əmək və Məşğulluq“ altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə əlaqədar altsistemdən istifadə prosedurlarına dair işəgötürənlər üçün təlimlərə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk təlim Azərbaycan Dövlət Neft Şirkəti və onun tabeli qurumlarının insan resursları sahəsində çalışan əməkdaşları üçün təşkil edilib.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları barədə məlumatlar veriblər.
Altsistemdən istifadə qaydaları, əmək müqaviləsinin e-formada bağlanması və sair ilə bağlı prosedurlar əyani şəkildə nümayiş olunub.